“Dragon”u uçurmuram!| NASA və Pentaqon “SpaceX”dən asılılığı azaltmaq üçün alternativ axtarışındadır

2025/06/1749448101.jpg
Oxunub: 660     10:39     09 İyun 2025    
NASA və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Tramp ilə “SpaceX” şirkətinin rəhbəri İlon Mask arasında sosial media gərginliyindən sonra təcili şəkildə “SpaceX”dən başqa özəl şirkətlərlə əlaqəyə keçib. Bu hadisə ABŞ-nin kosmos əməliyyatlarında “SpaceX”ə həddindən artıq bağlı olduğunu açıq şəkildə ortaya qoydu.

İlon Maskın təhdidi

Gərginlik Trampın “SpaceX” ilə müqavilələri ləğv edəcəyini bildirməsi və Maskın buna “Dragon” kapsullarını uçurmuram” cavabı ilə pik nöqtəyə çatdı. Bu, NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (ISS) astronavt göndərmək imkanlarını sıfıra endirəcək bir addım olacaqdı. Mask sonradan bu açıqlamadan geri çəkilsə də, bu vəziyyət həm NASA, həm də Pentaqon rəhbərliyi arasında ciddi narahatlıq doğurdu.

NASA rəsmilərindən biri hadisənin əvvəlcə “əyləncəli” göründüyünü, lakin Maskın təhdidindən sonra “qorxulu” bir hal aldığını bildirib. Pentaqondakı digər mənbə isə bu vəziyyətin personal tərəfindən real milli təhlükəsizlik məsələsi kimi qəbul edilməyə başlandığını deyib.

ABŞ hökuməti və “SpaceX” münasibətləri

Hazırda “SpaceX” həm NASA-nın ISS missiyalarını, həm də Pentaqonun gizli peyk buraxılışlarını həyata keçirir. Şirkət eyni zamanda kəşfiyyat orqanları üçün kritik əhəmiyyətə malik peyk infrastrukturunu inkişaf etdirir. Lakin Maskın qəfil reaksiyası ABŞ hökumətinin kosmos və müdafiə imkanlarının tək bir şəxsdən asılı olmasının risklərini üzə çıxardı.

Alternativ şirkətlərlə təmaslar başladı

Böhrandan dərhal sonra hökumət rəsmiləri “Blue Origin”, “Rocket Lab” və “Sierra Space” kimi şirkətlərlə əlaqə saxlayaraq onların buraxılış sistemlərinin hazır olub-olmadığını soruşub. “Sierra Space” şirkətinin baş direktoru Fatih Özmen “Dream Chaser” yük təyyarəsinin bu il ərzində uçuşa hazır olacağını və “NASA-nın artıq tək bir təchizatçıya bağlı qalmaq istəmədiyini” bildirdiyini söyləyib.

Bundan əlavə, uzun müddətdir texniki problemlərlə qarşılaşan “Boeing”in “Starliner” kapsulu da yenidən gündəmə gəlib. Lakin NASA bu sistemin ən tez 2026-cı ildə uçuşa qayıda biləcəyini açıqlayıb.

Konqres və Ordu Maska etibar etmir

Maskın təhdidi Konqres üzvləri və Müdafiə Nazirliyi daxilində də etimad böhranına səbəb olub. AEI müdafiə analitiki Todd Harrison Maskın bu açıqlamasını “kosmik stansiyaya embarqo qoymağa bənzər” kimi qiymətləndirib. Pentaqon rəsmiləri Maskın sosial şəbəkədəki paylaşımları ilə nüvə müdafiə sistemi kimi strateji proqramlara təsir gücünə sahib olmasından narahatlıqlarını ifadə ediblər.

2022-ci ildə Mask “Starlink” sistemini Ukraynanın Rusiyaya qarşı bir hücumunda bağlamağı rədd etmiş, bu da oxşar mübahisələrə yol açmışdı.

“Tək şirkətə həddindən artıq güvən olmamalıdır”

Bu çərçivədə Pentaqon, buraxılış missiyalarını “Lane 1” və “Lane 2” olmaqla iki kateqoriyaya bölən yeni bir tender sistemi hazırlayıb. Məqsəd daha çox şirkətin həssas tapşırıqlarda iştirak edə bilməsini təmin etməkdir. Lakin hazırda yalnız “SpaceX”in “Falcon 9” raketi davamlı və etibarlı şəkildə fəaliyyət göstərə bilir.

Nəticə olaraq, Maskın “Dragon”u uçurmuram” təhdidi və Trampın sərt çıxışları ABŞ-nin mülki və hərbi kosmos əməliyyatlarında institutlararası müxtəliflik yaratmaq ehtiyacını açıq şəkildə ortaya qoydu. Bu böhran təkcə “SpaceX”in deyil, eləcə də İlon Maskın özünün birbaşa milli təhlükəsizliyə təsir edən fiqura çevrildiyini göstərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Pentaqon   SpaceX  


Bizi "telegram"da izləyin